
Saciçi-Toyuq
Saciçi Toyuq
Ərzaqlar:
- 1 ədəd orta ölçülü (təxminən 1.5kq) toyuq əti yaxud da 1 kq doğranmış toyuq əti (qol,qanad,bud,döş əti) (toyuğun gövdəsi bulyon hazırlamaq üçün lazım ola bilər)
- Təxminən ½ fincan ərinmiş yağ – ( yağın yanmaması üçün ərinməmiş duzsuz kərə yağına bir neçə qaşıq duru yağ əlavə edərək də istifadə etmək olar).
- 2 ədəd orta ölçülü kartof – soyulub,orta qalınlıqda uzununa doğranılır
- 2 ədəd orta ölçülü yaşıl bolqar bibəri (zövqə görə qırmızı bibər də əlavə etmək olar) – təmizlənib,uzununa 4 hissəyə bölünür.
- Bir ovuc ağ göbələk- yuyulub-təmizlənir, yarıya bölünür. Böyükdürsə 3 hissəyə bölünür.
- 2 ədəd orta ölçülü badımcan – orta qalınlıqda,uzununa doğranılır,acısı çıxarılır.
- 2-3 ədəd orta ölçülü yetişmiş pomidor- yarıya və ya bir neçə hissəyə bölünür (balaca pomidorları doğrmamaq da olar)
Sous üçün:
- 1 fincan toyuq bulyonu
- 3 xörək qaşığı üzüm yaxud alma sirkəsi
- 3 xörək qaşığı tomat pastası
- 6 böyük diş sarımsaq (əzilmiş)
- ¼ çay qaşığı paprika( şirin, qırmızı toz bibər)
- Duz,döyülmüş istiot
Hazırlanması:
- Doğranmış toyuq qazana qoyulur, üzərinə çıxanadək su əlavə edilib, qaynamağa qoyulur. Təxminən 20 dəqiqə orta dərəcəli odda bişirilir. Bişərkən üzərindəki kəfi yığılır.
- Bişmiş toyuq sudan çıxarılır, bulyon süzülüb təmizlənir. Sous hazırlanır. Sous üçün lazım olan ərzaqlar kiçik bir qabda qarışdırılıb kənara qoyulur.
- Sacın içinə 2 xörək qaşığı yağ qoyulur, orta dərəcəli odda əridirlir. Doğranmış kartoflar təxminən 3 dəqiqə olmaqla hər tərərfi yaxşıca qızardılır. Qızarmış kartoflar ayrı boşqaba yığılır.
- Bibərlər də sac da qovrulur. Ehtiyac olarsa yağ əlavə edilir. Qovrulmuş bibərlər də ayrıca boşqaba yığılır. Göbələklər təxminən bir dəqiqə, taxta qaşıqla ehmalca qarışdırılaraq bişirilir, ayrıca qaba yığılır.
- Badımdanlar tavaya tək-tək qoyularaq qızardılır. Lazım olduqca yağ əlavə edilir. Qızardılmış badımcanlar da ayrıca boşqaba yığılır.
- Əgər sacdakı yağ yanıbsa, içində qara yanmış hissələr varsa bu yağ yığılır, yenidən yağ əlavə olunur. Toyuq sacın içinə yığılır, o üz-bu üz olmaqla bir dəfə çevrilərək yüngülcə qızardılır.
- Qızarmış toyuğun üzərinə sacın kənarlarından az-az sousdan tökülür. Bir dəfə çevirməklə toyuq sous qatılaşana və yağı çıxanadək bişirilir. Pomidorlar bişmiş toyuğun ətrafına düzülür, sacda yumşalanadək bir neçə dəqiqə bişirilir.
- Əvvəlcədən ayrı-ayrılıqda sac içindəı bişmiş tərəvəzlər –badımcan,kartof,göbələk,bibər toyuğun ətrafına bəzək kimi qoyulur. Sacın üzəri örtülür və yüngülcə ocaqda istidilir.
- Qapaq açılır,yemək çörəklə birgə süfrəyə verilir. Əgər sacınız yoxdursa tərəvəz və toyuğu eyni qayda ilə geniş tavada bişirə bilərsiz.
- Bişmiş toyuq və tərəvəzi sonda böyük boşqaba düzərək süfrəyə verə bilərsiz. Yalnız pomidor sousla birgə ayrıca qabda təqdim olunmalıdır.
Nuş Olsun!
Hakkında: Sacın qədim tarixi var. Qaz sobası və tava ixtira olunmamışdan öncə Azərbaycanda çörək və yemək bişirmək üçün bir tərəfi bir qədər qabarıq -günbəz,digər tərəfi isə çökək olan dəyirmi sacdan istifadə olunurdu. Sac içində hazırlanmış yeməklər “Saciçi” adlanır. Ət,toyuq,balıq- hər şey sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaşı hissəsi,qoyun quyrugu soğanla birlikdə yağda sac içində qovrulur.
ən son şərh